Azərbaycan-Çexiya işgüzar görüşü keçirilib

Mayın 18-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya işgüzar görüşü keçirilib.
Tədbirdə iqtisadiyyatın müxtəlif qeyri-neft sahələrində fəaliyyət göstərən 50-a yaxın sahibkar iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb, sahibkarlıq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Tədbirdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
Çexiya Respublikasının kənd təsərrüfatı nazirinin müavini İrji Şir Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən aqrar sektorda geniş əməkdaşlıq imkanlarını vurğulayıb, yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib.
Tədbir sahibkarlar arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.